Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Şirinov Şirin Əhməd oğlunun 60 illik yubileyi münasibətilə tədbir keçirildi

07 mart 2026 | 22:07

Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  07 mart 2026-cı il tarixdə, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 19-cu məhəllədə 1992-ci il avqust ayının 6-da Qubadlı rayon Qaracallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən Birinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın müdafiəsi uğrunda qəhrəmancasına şəhid olmuş 9 nəfər hərbçimizin əziz xatirəsinə hazırlanmış xatirə baralyefinin qarşısında, rayonunun Qarağac kənd sakini, Qarabağ Müharibəsi Şəhidi Şirinov Şirin Əhməd oğlunun 60 illik yubileyi münasibətilə tədbir keçirildi.

  Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, şəhidimizin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

  Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Şəhidlərimizin xatirəsinə hazırlanmış baralyefin önünə əklil və gül dəstələri qoyuldu, ruhlarına dualar oxundu.

  Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki,

I Qarabağ müharibəsində  Qubadlı oğulları mərdliklə vuruşdular, onlar bir qarış torpağı belə yağı düşmənə vermək fikrində deyildilər. Həmin döyüşlərdə Rayonumuz 11-i Milli qəhrəman olmaqla  238 şəhid verib. Təkcə Qaracallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən 25 nəfər şəhid olmuşdur.  

  Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı ilin əvvəlində baş vermiş Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı.

  Vətən müharibəsi nəticəsində düşmən tapdağı altında olan torpaqlarımız  44 gün ərzində  işğaldan azad edildi. Müzəffər Ali Baş Komandan, rəşadətli ordu və iradəli xalq birliyi nəticəsində qazanılmış Qələbə nəinki Azərbaycan tarixində, eləcə də bütün dünyada görünməmiş hadisə idi. Azərbaycan xalqı öz Liderinin ətrafında daha möhkəm birləşərək bu möhtəşəm zəfərə imza atdı. 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 60-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.

 Vətən müharibəsi Prezident İlham Əliyevin yenilməz iradəsini, Ali Baş Komandan kimi rəhbərlik etdiyi ordunun qüdrətini və döyüş bacarığını bütün dünyaya nümayiş etdirdi.

Həmçinin 19-20 sentyabr 2023-cü il tarixində Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi.

  Digər çıxış edənlər şəhidimizlə bağlı öz xatirələrini bölüşərək qeyd etdilər ki, şəhidlərimizin ailələri həmişə dövlət tərəfindən diqqət mərkəzində olmuşdur. Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir.

 Daha sonra Həmyerlimiz Birinci Qarabağ müharibəsi veteranı,  Şəhid ailələri, əlillərin müharibə veteranlarının hüquqlarının müdafiəsi ictimai birliyinin sədri Telman Quliyev şəhidlərimizin ailələrinə, müharibə veteranlarına göstərdiyi diqqət qayğıya görə İctimai birliyin adından Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqova təşəkkür edərək, rayon İcra Hakimiyyətinin müavini Allahverdi Haxverdiyevə İctimai birliyin fəxri fərmanını təqdim etdi.

  Sonda şəhidimizin qardaşı Hümbət Şirinov göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirdi.

 Tədbir ehsan süfrəsi arxasında davam etdirildi.

  Şirinov Şirin Əhməd oğlu 8 mart 1966-ci il tarixdə Zəngəzur mahalı Qubadlı rayonunun Qarağaclı kəndində anadan olmuşdur. 1980-ci ildə Qubadlı rayonunun Qaracallı kənd orta məktəbinin 8-ci sinifini bitirdikdən sonra, Qubadlı rayonunun Xanlıq kəndindəki 126 saylı Texniki-Peşə Məktəbində, peşə ixtisasına yiyələnmişdir. Atasını vaxtsız itirdiyinə görə ailəni dolandırmaq üçün Qaracallı kəndindəki Sovxozda fəhlə işləmişdir.

 O, 1985 -1987 -ci illərdə Sovet Ordusu sıralarında xidimətdə olduqdan sonra, kəndlərinə qayıdaraq yenidən sovxozda işlərini davam etdirmişdir.

Şirin Şirinov ermənilərin terorçu hücumlarına dözməyərək 1992-ci ilin əvvəllərində Milli Ordu sıralarına daxil olaraq, döyüşlərə qoşulmuşdur.

Laçın rayonunun işğalda olan kəndlərinin azad olunması uğrunda gedən şiddətli döyüşlərdə erməni terorçularına qarşı mərdliklə vuruşmuşdu.

İgid döyüşçü Şirin Şirinov 1992-ci il avqust ayının 6-da Laçının Suarası kəndinin işğaldan azad edilməsi uğrunda gedən şiddətli doyüşlərdə qəhrəmancasına Şəhid  olmuşdur. Məzarı Qubadlı rayonunun  Qaragaclı kəndindəki "Səhidlər Xiyabanı"ndadır. Evli idi, iki qız övladı yadigar qalıb.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər