Şəhid Təhməzov Eyvaz Nəriman oğlunun doğum günüdür
2025-ci il 15 mart tarixdə Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhər Şəhidlər Xiyabanında Birinci Qarabağ Müharibəsində torpaqlarımızın müdafiəsi uğrunda qəhrəmancasına şəhid olmuş Təhməzov Eyvaz Nərimanoğlunun 50 illik ybiley tədbiri keçirildi. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, şəhidimizin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şəhidimizin məzarı üzərinə əklil və gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Vətənpərvərlik mövzusunda və şəhidlərimizin xatirəsinə həsr olunmuş şeirlər səsləndirildi.
Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, I Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər şəhid, 274 nəfər əlil olmuşdur. 100 nəfərdən çox sakinimiz itkin düşmüşdür.
27 sentyabrda Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı və 44 gün davam edən Vətən Müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı.
Həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 40-dan çox qazimiz öz adlarını tarixə yazdılar.
Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.
Digər çıxış edənlər qürur hissi ilə Vətən Müharibəsində qazanılan zəfərdən danışdılar, eyni zamanda şəhidimizlə bağlı xatirələrini bölüşərəkqeyd etdilər ki, şəhid ailələri həmişə dövlət tərəfindən diqqət mərkəzində olmuşdur. Onların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir.
Şəhidimizin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirdilər.
Təhməzov Eyvaz Nəriman oğlu 1975-ci il mart ayının 16-da Zəngəzur mahalı Mehri rayonunun Aqarak qəsəbəsində anadan olmuşdur. 1988-ci ildə ermənilər tərəfindən silah gücünə, doğma ata-baba yurdunu tərk edən ailəQubadlı rayonuna pənah gətirib İşıqlı kəndində məskunlaşmışdır. Vətən həsrətinə dözməyənatası Nəriman Təhməzov1989-cu ildə vəfat etmişdir.Gənc Eyvaz ermənilərdən qisas almaq üçün 1991-ci ildə Qubadlı ərazi özünümüdafiə taboruna daxil olub, iki il Qubadlının ermənistanla sərhəd kəndlərində gedən döyüşlərdə erməni quldurlarına qarşı döyüşlərdə iştirak etmişdir.
1994-cü ilin əvvəllərində Eyvaz Füzuli rayonu ərazisində gedən döyüşlərdə öndə gedərək mərdliklə vuruşur. Həmin il aprel ayının 17-də düşmənə qarşı başlanan hücum əməliyyatında öndə gedərək vuruşan Eyvaz Nariman oğlu Təhməzov ağır və qanlı döyüşdə Şəhid olur.
Məzarı Sumqayıt şəhərindəki "Şəhidlər Xiyabanı"ndadır.
Subay idi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!