Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt Poeziya evində Lütviyyə Əsgərzadənin "Cəlal Bərgüşad" adlı monoqrafiyasının təqdimat mərasimi keçirilib

25 iyun 2026 | 09:56

 Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 25 iyun 2026-cı il tarixdə , Sumqayıt şəhəri Poeziya Evində filologiya elmləri doktoru Lütviyyə Əsgərzadənin yazıçı-publisist Cəlal Bərgüşadın həyat və yaradıcılığına həsr etdiyi "Cəlal Bərgüşad" adlı monoqrafiyanın təqdimat mərasimi keçirilib.

Tədbirdə Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev, RİH-nin məsul işçiləri, RİHB-nın inzibati ərazi dairələri üzrə nümayəndələri, eləcə də tanınmış yazıçılar, şairlər, ədəbiyyatşünaslar, AYB və AJB üzvləri, Məktəb direktorları, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Cəlal Bərgüşadın zəngin yaradıcılıq yolunu əks etdirən videoçarxın nümayişi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı monoqrafiyanın ədəbi irsin tədqiqindəki önəmini vurğulayaraq, Lütviyyə Əsgərzadənin əməyini yüksək qiymətləndirib.

Sonra tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev yazıçının Qubadlı ədəbi mühitindəki yerindən və rayonun ziyalılarına göstərilən dövlət qayğısından bəhs edib.

Təqdimatda çıxış edən geniş ziyalı heyəti monoqrafiyanı ədəbi-tarixi kontekstdə təhlil ediblər:

Mahirə Nağıqızı (ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor) yazıçının nəsrinin özünəməxsus üslub xüsusiyyətlərini təhlil edib. Elnarə Akimova (Millət vəkili, tənqidçi) əsərin elmi dəyərini və ədəbi tənqid baxımından əhəmiyyətini vurğulayıb. Asif Rüstəmli (AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor) müəllifin tədqiqatçılıq bacarığını yüksək qiymətləndirib.

Qulu Məhərrəmli (BDU-nun professoru, Əməkdar jurnalist) yazıçının publisist və televiziya xadimi kimi fəaliyyətinə diqqət çəkib. Əsəd Cahangir (AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri) və Azər Turan ("Ədəbiyyat" qəzetinin baş redaktoru) monoqrafiyanın ədəbi-tarixi kontekstdəki yerini və irsin qorunmasının vacibliyini qeyd ediblər.

Həmçinin Könül Nəsibova (Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktor müavini), Əşir müəllim (yazıçının qohumu), Hacı Nərimanoğlu ("Zəngəzur" cəmiyyətinin sədri), Razim Əliyev (Qubadlı rayon Əmək veteranları cəmiyyətinin sədri), Zemfira Məhərrəmli (yazıçı-publisist), Azadə Novruzova (Ombudsman aparatının əməkdaşı), Tofiq Mehtiyev (yazıçının qohumu), Mətanət Vahid (ədəbiyyatşünas), Aygün Məmmədova (dosent), Qəmzə Yusubova (İctimai Birliyin sədri), Fariz Yunisli (publisist), Aysel Fikrətqızı (yazıçı), Hüseyn Sözlü (şair), Nəzakət Məmmədli ("Xatirə Kitabı"nın baş redaktoru), Sona İsmayılova (şairə), Layə Mustafayeva (dosent), Rafail Tağızadə (şair), Sona Çərkəz (şairə), Arzu Nehrəmli (tarix üzrə fəlsəfə doktoru), Məlahət Babayeva (dosent), Zərnişan Turan (Əməkdar jurnalist), Xalidə Nura (şairə), Təranə Məmməd (yazıçı), Pərvanə Bayramqızı (yazıçı), Şəfəq Nasir (jurnalist) və Nazlı Hacılı (şairə) öz çıxışlarında Cəlal Bərgüşadın yaradıcılığının milli-mənəvi dəyərlərin təbliğindəki rolunu vurğulayıblar.

Sonda kitabın müəllifi, filologiya elmləri doktoru Lütviyyə Əsgərzadə tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Yazıçının həyat yoldaşı Sayad Cavadzadə çıxış edərək yazıçıya göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və tədbirin təşkilinə dəstək verən Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova dərin minnətdarlığını ifadə edib.

Cəlal Novruz oğlu Cavadov 1924-cü il iyun ayının 22-də Zəngəzur mahalı Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdu. Orta təhsilini Qubadlı kəndində fəhlə-gənclər məktəbində almış, 1943-cü ildə II dünya müharibəsində iştirak etmiş, ağır döyüşlərin birində kantuziya olduğuna görə tərxis edilmişdir. Bundan sonra 1943, 1946 -cı illərdə Qubadlı rayon daxili işlər şöbəsində VAQ müdiri işləmişdir. Onun "Cənub taydan əsən meh" adlı ilk şeri də 1946 -ci ildə Qubadlıda çıxan "Avanqard" qəzetində dərc edilmişdir. Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsinin jurnalistika şöbəsini bitirmişdir. 1951-ci ildə "Azərbaycan pioneri" qəzeti redaksiyasında ədəbi işçi təyin olunmuşdur. 1958-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində böyük redaktor vəzifəsində işləmişdir. Onun ssenarisi əsasında "Çoban Boran", "Göy göl", "Suren Adamyan", "Torpağın ətri", "Çinar yarpağı" televiziya fılmləri çəkilmişdir. "Babək" əsəri Tehranda 1984-cü ildə farsca, "Qaçaq Nəbi" 1979-cu ildə İstanbulda türkcə kütləvi tirajla çap olunmuşdur.

Cəlal Bərgüşad zəngin bir ədəbi irs qoyub getmişdir:

"Bozatın belində" (1958, 1970, 1988)

"Sıyrılmış qılınc" (1981)

"Gələcəyi yaradanlar" (1961)

"Təzə gəlin" (1962)

"Toydan sonra" (1964)

"Dərilməmiş salxımlar" (1974)

"Şərq çiçəyi" (1985)

"Dünyada nələr gördüm" (1991)

Əsərləri bir çox dillərə tərcümə olunmuşdur; 1988-ci ildə "Обнаженный меч" (Bakı, Azərnəşr) və Oktay Altunbayın tərcüməsində Ankarada "Kaçak Nebi" (1988) adı ilə çap edilmişdir.

Cəlal Bərgüşadın həyatı iki böyük sevgi və övlad qayğısı ilə tamamlanırdı. İlk həyat yoldaşı Azərbaycan xalq şairi Süleyman Rüstəmin bacısı Nəsibə xanım olmuşdur. Bu evlilikdən Rəna və İlqar adlı iki övladı dünyaya gəlmişdir.

İkinci evliliyi 1985-ci il iyunun 15-də Sayad xanım Cavadzadə ilə baş tutmuşdur. Bu nikahdan dünyaya gələn oğluna, yazıçı həmin dövrdə üzərində çalışdığı "Cavanşir" romanından ilhamlanaraq Cavanşir adını vermişdir.

Cəlal Bərgüşad 1996-cı il iyulun 9-da dünyasını dəyişdi. Xidmətlərinə görə 1986-cı ildə birinci dərəcəli "İkinci Dünya müharibəsi" ordeni və müxtəlif medallarla təltif olunmuşdu.

Allah rəhmət eləsin!

Keçidlər