“Şüurlu cəmiyyət, sağlam ailə: Erkən nikah və məişət zorakılığına qarşı maariflənək” başlıqlı tədbir təşkil edilib
Mayın 21-də Qubadlı Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman sektoru, Rayon Təhsil sektoru, Rayon Polis Şöbəsi və Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə rayonun Çaytumas kənd texniki fənlər təmayüllü məktəb-liseyində genişmiqyaslı maarifləndirmə tədbiri keçirilib.
Tədbiri açıq elan edən Qubadlı rayonu üzrə gənclər və idman sektorunun müdiri İslam Allahverdiyev qonaqları salamlayaraq bildirib ki, bu cür görüşlərin keçirilməsində əsas məqsəd gənclərin təhsildən yayınmasının qarşısını almaq, onları erkən və qohumlar arasında nikahların fəsadları, həmçinin məişət zorakılığına qarşı mübarizə üsulları barədə ətraflı məlumatlandırmaqdır. O, gənclərin sağlam ruhda böyüməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.
Daha sonra mövzu ilə əlaqədar bəhs edilən problemlərin sosial və psixoloji tərəflərini işıqlandıran videoçarx nümayiş etdirilib.
Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Aytən Məmmədova, Qubadlı rayonu üzrə təhsil sektorunun müdiri Müşfiq Hüseynov, Rayon Polis Şöbəsinin İTB-nin rəisi, polis polkovnik-leytenantı Vahid Kərimov, Şöbənin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru, polis kapitanı Rauf Qələndərli və Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Mahruzlu həkim məntəqəsinin müdiri Vaqif İsmayılov mövzu üzrə ətraflı çıxışlar edərək qeyd ediblər ki, uşaqların fundamental hüquqlarının qorunması, xüsusilə qız uşaqlarının təhsildən yayınaraq erkən yaşda ailə qurmağa məcbur edilməsi cəmiyyətin ən yaralı yerlərindən biridir və bu hallara qarşı məktəblərdə mütəmadi monitorinqlər aparılmalıdır. Erkən və qohumlar arasında reallaşan nikahların təkcə hüquqi deyil, həm də ciddi tibbi fəsadları diqqətə çatdırılıb; bioloji olaraq tam formalaşmamış yeniyetmələrin ana olmasının həm özlərinin, həm də doğulacaq körpələrin sağlamlığı üçün böyük risk yaratdığı, genetik xəstəliklərə yol açdığı vurğulanıb.
Eyni zamanda, məişət zorakılığı və erkən nikahların qanunvericiliyin ciddi şəkildə pozulması demək olduğu, hüquq-mühafizə orqanları tərəfindən bu növ hüquqazidd əməllərə qarşı ən sərt profilaktik tədbirlərin görüldüyü bildirilib. Yeniyetmələrə hər hansı təzyiqlə qarşılaşdıqda susmamaq və aidiyyəti dövlət qurumlarına müraciət etmək tövsiyə olunub.
Sonda ortaq rəy olaraq vurğulanıb ki, hər kəs öz hüquqlarını dərindən bilməli, azadlıqlarını məhdudlaşdıran neqativ hallara qarşı səssiz qalmamalı və bu bəlalarla mübarizədə bütövlükdə cəmiyyət olaraq güclü ictimai fəallıq nümayiş etdirilməlidir.
Görüşün sonunda gəncləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.






