Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Azərbaycanın Dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda konfrans keçirildi

27 aprel 2023 | 15:52

2023-cü il 27 aprel tarixində Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar“Azərbaycanın Dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda konfrans keçirildi. TədbirdəRayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Milli məclisin deputatı İmamverdi İsmayılov, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi, RİH-in məsul işçiləri, ziyalılar, ağsaqqallar, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndələri iştirak etdilər.

Əvvəlcə Azərbaycanın Ümummilli Lideri, Ulu öndər Heydər Əliyevin vədövlətçiliyimiz,ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, “Azərbaycanın Dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda video çarx nümayiş olundu.

Tədbirdə qeyd olundu ki,Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan Ulu öndər Heydər Əliyevin ideyaları və Prezident İlham Əliyevin qətiyyəti sayəsində gündən-günə daha da inkişaf edir, qüdrətlənir.

Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir.

Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. 1991-ci ildə Azərbaycan xalqı müstəqilliyini qanlar bahasına bərpa etdi, cümhuriyyətin dövlətçilik ənənələrini davam etdirərək bu tarixi varislik üzərində öz dövlətini yaratdı. Amma müstəqilliyimizin ilk illəri təlatümlərlə dolu oldu. Hakimiyyət uğrunda mübarizə az qala, hələ bünövrəsi kövrək olan müstəqilliyimizə son qoyacaqdı. Hakimiyyət çəkişmələrinin məntiqi nəticəsi kimi, cəbhədəki uğursuzluqlar və daxildə separatçı meyillərin güclənməsi dövlətçilyin məhvinə doğru gedən prosesi daha da sürətləndirdi. 1993-cü ilin iyununda ağır bir vəziyyətdə xalqın tələb və istəyi ilə hakimiyyətə qayıdan və dövlətçiliyimizin sükanını öz etibarlı əllərinə alan Heydər Əliyev xilaskarlıq missiyasını müdrikliklə, yenilməz iradə, qətiyyət və böyük uzaqgörənliklə yerinə yetirməyə başladı. Əgər həmin ağır günlərdə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın müstəqilliyinin itirilməsi qaçılmaz olardı. Ulu öndərin sayəsində qısa müddətdə dövlətçiliyin təməl prinsipləri yaradılaraq möhkəmləndirildi, müstəqil Azərbaycan dünya birliyinin tamhüquqlu üzvünə çevrildi. Heydər Əliyevin dühası, qüdrəti və zəngin dövlətçilik təcrübəsi xalqımızı vahid milli ideya - azərbaycançılıq ideyası ətrafında birləşdirdi.

Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur.

Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

Tədbir iştirakçıları qeyd etdilər ki,Ulu öndər Heydər Əliyev sözün əsl mənasında Lider idi. Onun Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də İlham Əliyev kimi şəxsiyyətin formalaşmasında olan roludur. Ümummilli lider xalqa müraciətində deyirdi “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək”.

Bu gün Azərbaycanın demokratik və iqtisadi inkişafı, hüquqi, dünyəvi dövlətin formalaşdırılması dövlət müstəqilliyinin bəhrəsidir. Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev xalqımızın tarixi keçmişinin öyrənilməsi kimi məsələləri daim diqqət mərkəzində saxlayır. Ulu öndərin tariximizə doğma, təəssübkeş münasibəti onun layiqli davamçısı, dövlət başçısı İlham Əliyevin də fəaliyyətində prioritet təşkil edir. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən mühüm siyasi xətt bütün konturları ilə Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmlənməsinə, əbədi və sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir.

Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirməsi Ulu öndər Heydər Əliyev siyasətinin ən parlaq təntənəsidir. Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan heç zaman olmadığı qədər güclü, qüdrətlidir və bu günkü müasir müstəqil, qalib Azərbaycan Ümummilli lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.

Bu gün Ümummilli Liderin və bütün şəhidlərin ruhu şaddır, çünki müqəddəs missiya yerinə yetirildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev 30 illik erməni işğalına 44 gündə son qoydu.

Məhz Ulu öndərin əsasını qoyduğu müdrik, düşünülmüş siyasəti dövrün tələblərinə uyğun olaraq davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nəinki regionda, dünyada söz sahibinə çevrilib.

Keçidlər