“Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir”
2025-ci il 18 aprel tarixində Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhər 28 May Mədəniyyət evində“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda dəyirmi masa keçirildi.
Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələriiştirak edirdilər.
Tədbiri giriş sözü ilQubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev açıq elan etdi.Əvvəlcə tədbir iştirakçıları tərəfindənUlu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
“Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda videoçarx nümayiş olundu.
Qeyd edildi ki,Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbənin 5-ci ildönümünü nəzərə alaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu qərar hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Suverenlik və dövlətçilik müstəqil dövlətlərin varlığını və inkişafını təmin edən əsas amillərdir. Bu anlayışlar təkcə dövlətin hüquqi və siyasi əsaslarını deyil, həm də milli kimliyini və birliyini ifadə edir.
Azərbaycan Respublikasında suverenlik və dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi müasir dövlət quruculuğu və xalqın rifahı üçün zəmin yaradır. Ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi isə bu prinsiplərin həm tarixi əhəmiyyətini, həm də gələcəyə yönəlik strateji mahiyyətini daha da ön plana çıxarır.Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir.
Qubadlı Rayon İcra Hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin müdiri Azər Qarayev məruzə ilə çıxış edərək qeyd etdi ki,1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991-1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır.
Yalnız 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. Müstəqil dövlət qarşısında duran ən vacib məsələlərdən biri yeni Konstitusiya layihəsinin hazırlanması oldu.
Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış yeni Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddə, preambula və keçid müddəalarından ibarət olmaqla 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi- referendum yolu ilə qəbul edilmişdir, 1995-ci il noyabrın 27-də isə qüvvəyə minmişdir. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanınaa əsasən, hər il noyabrın 12-si Azərbaycan Respublikasında Konstitusiya Günü elan edilmişdir.
Bu Ali Sənədi hazırlayarkən Ulu Öndər ölkəmizin gələcəyinin uğurlu olacağına inanırdı. Bunun üçün Heydər Əliyev dövlətçiliyin möhkəmləndirilməsinin, Azərbaycanın pozulmuş ərazi bütövlüyünün bərpasının vacib amillər olduğunu vurğulayırdı. Dəyişilən sosial-siyasi reallıq səbəbindən və əldə olunan uğurların möhkəmləndirilməsi məqsədilə Azərbaycan Konstitusiyasında bir neçə dəfə dəyişikliklər edilib və əlavələr olunub. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlmişdir.
Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.
YAP Qubadlı Rayon təşkilatının sədri Təhmasib Rüstəmov qeyd etdi ki, hazırda Azərbaycanda yaranmış hüquqi, demokratik dövlət möhkəmlənib və inkişaf edir.
Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın demokratik dünya birliyinə inteqrasiyasını sürətləndirir və bu istiqamət ölkəmizin əsas prioritetidir. Konstitusiyamıza əsasən Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.
Bu ali sənəd həmçinin 30 ilə yaxın öz yurd-yuvalarından məcburi köçkün düşmüş vətəndaşlarımızın öz torpaqlarına qayıtması onların pozulmuş mülkiyyət hüquqlarının bərpasına da şərait yaradacaq. Rəşadətli Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyatlar xalqımızın əsas konstitusion hüquqlarından biri olan təhlükəsiz yaşamaq hüququnun da bərpa olunmasının əsasını qoydu. Bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək düşmən üzərində şanlı zəfərə doğru birgə addımlayaraq, işğaldan azad edilmiş torpaqlarımızda dövlət bayrağımızın ucaldılmasına və Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin bərpasına nail oldu.
Müstəqil dövlətçilik tariximizin ən mühüm hadisəsi isə tarixi torpaqlarımızın işğaldan azad edilməsi oldu. 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının qürur mənbəyinə çevrildi.2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi.
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edildi.
Qubadlı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən Müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sənan Həsənov mövzu ətrafında vəVətən Müharibəsində qazanılan zəfərlə bağlı çıxış edərək qeyd etdi ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun qısa zamanda əldə etdiyi nailiyyətlər, peşəkar idarəçilik, döyüş hazırlığının və hərbi vətənpərvərlik ruhunun daima yüksək olması imkan verdi ki biz torpaqlarımızı düşmənlərdən azad edək. Hər bir Azərbaycan vətəndaşı artıq əmindir ki, hazırkı mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası Ali Baş Komandanın güclü siyasəti və iradəsi, ordumuzun əzmi və qətiyyəti, xalqımızın həmrəyliyi sayəsində mümkün oldu. Müzəffər Azərbaycan ordusunun hər bir uğurlu əməliyyatı, xalqımızın qələbə ruhlu və qətiyyətli millət kimi dünya tarixinin heç zaman unudulmayacaq səhifələrinə həkk olunmasına səbəb oldu.
Bu gün tam əminliklə deyə bilərik ki, dövlətimiz Ulu Öndər Heydər Əliyevin ideyaları, zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla irəliləyən müasir Azərbaycan dövləti tarixinin qüdrətli dövrünü yaşayır.