Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Qəhrəmanı, Şəhid polkovnik Qasımov Faiq Qaçay oğlunundoğum günü münasibəti ilə tədbir keçirildi.

10 fevral 2026 | 16:22

Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə10 fevral 2026-cı il tarixdə, Bakı şəhərində yerləşən Hərbi Memorial Məzarlıqda Vətən Müharibəsi Qəhrəmanı, Şəhid polkovnik Qasımov Faiq Qaçay oğlunun doğum günü münasibəti ilə tədbir keçirildi.

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin müavini Allahverdi Haxverdiyev, RİH-nin məsul işçiləri,RİHB-nın İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərinin işçiləri, İdarə, müəssisə rəhbərləri, məktəb direktorları, Faiq Qasımov adına  Mahmudlu kənd tam orta məktəbin kollektivi, şəhidimizin ailə üzvləri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Şəhidimizin ziyarətinə gələnlər məzarı üzərinə əklil və gül dəstələri qoydular. Şəhidimizin ruhuna dualar oxundu. Şərqi Zəngəzur Regional Mədəniyyət idarəsinin Qubadlı rayon nümayəndəliyi,Faiq Qasımov adına  Mahmudlu kənd tam orta məktəbin şagirdləri və şair Elbrus Qayalı tərəfindən  vətənpərvərlik mövzusunda və Şəhidlərimizin xatirəsinə həsr olunmuş şeirlər səsləndirildi.

Tədbirdə Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev çıxış edərək qeyd etdi ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərmiş, düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək Qələbə qazandı və tarixi ədalət bərpa olundu. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızı işğaldan azad etdi, Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi.

44 günlük Vətən müharibəsindən sonra Qubadlı RİH başçısı Malik İsaqovun köməkliyi ilə Qubadlı rayonunda Milli Qəhrəmanlar Əliyar Əliyev, Kərəm Mirzəyev, Vasili Əliyev, Aqil Məmmədov, Bəylər Ağayev və Milli qəhrəman Əliyar Əliyevin sürücüsü Əlisadət Ağayevin və Həsən Qorxmazın qəbirüstü abidələri yenidən götürülüb. Eləcə də Aşağı Mollu kəndində Həcər xanımın qəbirüstü abidəsi bərpa olunub. Qəbirüstü abidələrin bərpası 2025-ci ildə də

davam etdirilərək Qubadlı rayon ərazisində yerləşən 28 nəfər mülki və 39 nəfər hərbiçinin, ümumilikdə 67 nəfərin qəbirüstü abidələri tamamilə yenidən bərpa olunmuşdur.

Bildirildi ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun igidliyi, qəhrəmanlığı sayəsində torpaqlarımız, həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 60-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.

Digər çıxış edənlər qeyd etdilər ki, bizim Qələbəmiz tarixi Qələbədir. Azərbaycan əsgəri qəhrəmanlıq nümunəsidir. Azərbaycan Ordusu döyüşlər zamanı öz dözüm və peşəkarlığını nümayiş etdirdi. Bütün bunlar cənab Prezident İlham Əliyevin uzaqgörən, məqsədyönlü siyasətinin nəticəsidir.

Sonda Şəhidimizin qardaşı Gəray Qasımov çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirdi.

Qasımov Faiq Qaçay oğlu 10 fevral 1974-cü ildə Qubadlı rayonunun Qayalı kəndində anadan olub. 1991-ci ildə qardaşı Şəhid Həsən Qorxmazın adını daşıyan Qayalı kənd tam orta məktəbini bitirmişdir.

Hərbi xidmətini 1-ci Qarabağ müharibəsində Laçın rayonu və Qubadlı rayonunda Əliyar Əliyevin taborunda topçu kimi vuruşaraq keçirib.

Hərbi xidməti bitirdikdən sonra 1993-cü ildə Bakı Ali Birləşmiş Komandanlıq məktəbinə daxil olub. 1995-ci ildən 2009-cu ilədək Naxçıvanda cəbhə bölgəsində müxtəlif vəzifələrdə çalışmışdır. 2009-cu ildən 2012-ci ilədək Balakən rayonunda N saylı hərbi hissədə xidmət etmişdir. Sonradan öz təkidi ilə Füzuli istiqamətinə göndərilmişdir.

2016-cı ilin aprel ayında “Lələtəpə”uğrunda gedən döyüşlərdə fəal iştirak edən Qasımov Faiq Qaçay oğlu düşmənin çox sayda yüksək rütbəli hərbçilərini məhv etdiyinə görə, ölkə başçısı İlham Əliyev tərəfindən “Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə Nazirinin müxtəlif tarixli əmrləri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 10,90,95 və 100 illiyi” yubiley medalları və III, II, I dərəcəli “Qüsursuz xidmətə görə” medalları, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə təltif olunmuşdur. Faiq Qaçay oğlu Qasımov 2020-ci il sentyabrın 27-də “Ohanyan səddi”ni ilk yaran hərbçilərimizdən olub və rəhbərlik etdiyi qrupu ilə birgə Füzuli rayonu ərazisində düşmənin bir neçə post və səngərini dağıdaraq 300-ə yaxın düşmən əsgərini və zabitini məhv edərək, qəhrəmancasına şəhid olmuşdur. Vətən müharibəsində şəhid olan ilk rütbəli hərbiçidir. Bakı şəhər “2-ci Fəxri Xiyaban"da dəfn edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamı ilə polkovnik-leytenant Qasımov Faiq Qaçay oğluna ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş, 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə də o, “Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamları ilə “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Eyni zamanda Qubadlı rayon Mahmudlu kənd tam orta məktəbinə şəhid Qasımov Faiq Qaçay oğlunun adı verilmişdir. Faiq Qasımovun şəxsi əşyaları AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda qorunur və hal-hazırda “Anadır arzulara hər zaman Qarabağ” sərgisində nümayiş olunur. 2021-ci il fevralın 12-də İctimai TV-də Faiq Qasımova həsr olunan sənədli filmi təqdim olunmuşdur. 22 dəqiqədən ibarət olan sənədli filmdə onun həyatı və döyüş yolu barədə məlumat verilmişdir.Ailəli idi, 2 övladı var.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun !

Keçidlər