Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Qəhrəmanı, Şəhid Ağayev Vüqar Əhməd oğlunun anım günü

02 noyabr 2023 | 11:04

     2023-cü il 2 noyabr tarixində  Bakı şəhəri, II Fəxri Xiyabanda 27 sentyabr 2020-ci il tarixində başlanmış Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda igidlik göstərən, Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Şəhid, Vətən Müharibəsi Qəhrəmanı Ağayev Vüqar Əhməd oğlunun anım günü tədbiri keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, YAP Qubadlı rayon təşkilatının fəalları, Şəhidin döyüş yoldaşları, Şəhidlərimizin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Şəhidimizin ziyarətinə gələnlər məzarı üzərinə əklil və gül dəstələri qoydular. Şəhidimizin ruhuna dualar oxundu. Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Qubadlı rayon nümayəndəliyinin kollektivi, şair Elbrus Qayalı və Qubadlı rayon Vüqar Ağayev adına Xanlıq kənd ümumi orta məktəbinin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda və Şəhidlərimizin ruhuna həsr olunmuş şeirlər səsləndirildi.

Tədbirdə çıxış edən Qubadlı RİH başçısı Malik İsaqov, qeyd etdi ki, Sentyabrın 27-dən başlayan, 44 gün davam edən işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərmiş, düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək Qələbə qazandı və tarixi ədaləti bərpa olundu.Azərbaycan xalqı öz Liderinin- Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Prezident İlham Əliyev öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Azərbaycan 30 ilə yaxın davam edən münaqişədə qalib tərəf oldu, ərazi bütövlüyümüz bərpa olundu.

Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun igidliyi, qəhrəmanlığı sayəsində torpaqlarımız, həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. 27.09.2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində rayonumuzun sakinlərindən 300 nəfərə yaxını könüllü olaraq iştirak etmişdir. 44 günlük Vətən müharibəsində  qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.

Şəhid Ağayev Vüqar Əhməd oğlununanası Nənəxanım Ağayevabütün Şəhid ailələri adından göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirdi.

Ağayev Vüqar Əhməd oğlu 04 mart 1973-cü ildə Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuşdur. 1990-cı ildə Xanlıq kənd tam orta məktəbində təhsilini başa vurmuşdur.

1991-1992-ci illərdə Azərbaycan Respublikasının ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.

1992-ci ildə H.Əliyev adına Hərbi Liseyə daxil olmuş, 1994-cü ildə hərbi təhsilini başa vuraraq leytenant rütbəsi almışdır. Qusar rayonu N saylı hərbi hissədə təlimdə olmuş, təlimi başa vurduqdan sonra  Naxçıvan qarnizonunda N saylı hərbi hissədə bölük komandiri kimi hərbi xidmətə başlamışdır.

2016-cı ildə hərbi xidmətini başa vuraraq təqaüdə çıxmışdır.

Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə Nazirinin müxtəlif tarixli əmri ilə “Azərbaycan Silahlı Qüvvələrinin 10, 90 və 95 illiyi” yubiley medalları, III, II, I dərəcəli “Qüsursuz xidmətə görə” medalları, “Hərbi Xidmətlərə görə” medalı və“Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif edilmişdir.

2020-ci ilin oktyabr ayında könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağınş üzrə Dövlət Xidmətinin Qubadlı Rayon Bölməsinə müraciət edərək Vətən müharibəsində iştirak etmişdir.

01 noyabr 2020-ci il tarixdə Qubadlı rayonu uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olmuş, Bakı şəhəri, II Fəxri Xiyabana dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görəAzərbaycan Respublikası Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamı ilə mayor Ağayev Vüqar Əhməd oğluna ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı" , 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.Qubadlı rayon Xanlıq kənd ümumi orta məktəbinə Vətən müharibəsi Qəhrəmanı  Vüqar Ağayevin adı verilmişdir. Ailəli idi, iki övladı var.

 

Allah rəhmət eləsin!

Keçidlər