Vətən Müharibəsi Qəhrəmanı, Şəhid mayor Ağayev Vüqar Əhməd oğlunun 50 yaşının tamam olması münasibətilə tədbir keçirildi
Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2023-cü il 4 mart tarixində Bakı şəhəri, II Fəxri Xiyabanda 27 sentyabr 2020-ci il tarixində başlanmış Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda igidlik göstərənVətən Müharibəsinin şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin mayoru,Vətən Müharibəsi Qəhrəmanı Ağayev Vüqar Əhməd oğlunun 50 yaşının tamam olması münasibətilə tədbir keçirildi.
Tədbirdə Abşeron rayon icra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayevin döyüş yoldaşları, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, məktəb kollektivi, şəhidimizin yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Şəhidimizin ziyarətinə gələnlər məzarı üzərinə əklil və gül dəstələri qoydular. Şəhidimizin ruhuna dualar oxundu.
Çıxış edən Abşeron rayon icra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirdiki, Müzəffər Ali Baş Komandan,Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri 44 günlük əks- hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu.Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızı, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi oldu. Beləliklə, Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi.
Daha sonra tədbir Vətən Müharibəsi Qəhrəmanı, Şəhid Vüqar Ağayevin adını daşıyan Xanlıq kənd ümumi orta məktəbində davam etdirildi. Şair Elbrus Qayalı, Sumqayıt Regional Mədəniyyət idarəsi Qubadlı rayon nümayəndəliyi və Xanlıq kənd ümumi orta məktəbinin kollektivi tərəfindən Şəhidlərimizin ruhuna həsr olunmuş şeirlər səsləndi.
Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev bildirdi ki, Sentyabrın 27-dən başlayan, 44 gün davam edən, işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərmiş, düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək Qələbə qazandı və tarixi ədaləti bərpa olundu.
Azərbaycan xalqı öz Liderinin- Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Prezident İlham Əliyev öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Azərbaycan 30 ilə yaxın davam edən münaqişədə qalib tərəf oldu, ərazi bütövlüyümüz bərpa olundu. Ölkəmizdəki Xalq-İqtidar birliyi sözün əsl mənasında "dəmir yumruğa” çevrildi.
Çıxış edən Abşeron rayon icra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova bildirdi ki, bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Bu müharibə Azərbaycan xalqının, onun Liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi.30 ilə yaxın müddətdə səbir göstərən xalqımız nəhayət qələbəyə çatdı. Noyabrın 10-u ölkəmiz üçün tarixi bir gün oldu. Rəşadətli Azərbaycan Ordusunun döyüşlərdə əldə etdiyi zəfər Ermənistanı masa arxasında oturmağa məcbur etdi.
Sonra çıxış edən YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov qeyd etdiki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun qısa zamanda əldə etdiyi nailiyyətlər, peşəkar idarəçilik, döyüş hazırlığının və hərbi vətənpərvərlik ruhunun daima yüksək olması imkan verdi ki, biz torpaqlarımızı düşmənlərdən azad edək.Hər bir Azərbaycan vətəndaşı artıq əmindir ki, hazırkı mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası cənab Ali Baş Komandanın güclü siyasəti və iradəsi, ordumuzun əzmi və qətiyyəti, xalqımızın həmrəyliyi sayəsində mümkündür. Müzəffər Azərbaycan ordusunun hər bir uğurlu əməliyyatı, xalqımızın qələbə ruhlu və qətiyyətli millət kimi dünya tarixinin heç zaman unudulmayacaq səhifələrinə həkk olunmasına səbəb oldu.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirmişdir. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir. Son 30 ildə havadarlarına arxalanan Ermənistandakı hərbi-siyasi xuntalar güman edirdilər ki, “xilaskar”ları bu dəfə də onların köməyinə gələcək. Lakin 44 günlük müharibədə ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox yaralı öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.
Sonda Şəhidimizin anası Nənəxanım Ağayeva göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirdi.
Ağayev Vüqar Əhməd oğlu 04 mart 1973-cü ildə Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuşdur. 1990-cı ildə Xanlıq kənd tam orta məktəbində təhsilini başa vurmuşdur.
1991-1992-ci illərdə Azərbaycan Respublikasının ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.
1992-ci ildə H.Əliyev adına Hərbi Liseyə daxil olmuş, 1994-cü ildə hərbi təhsilini başa vuraraq leytenant rütbəsi almışdır. Qusar rayonu N saylı hərbi hissədə təlimdə olmuş, təlimi başa vurduqdan sonra Naxçıvan qarnizonunda N saylı hərbi hissədə bölük komandiri kimi hərbi xidmətə başlamışdır.
2016-cı ildə hərbi xidmətini başa vuraraq təqaüdə çıxmışdır.
Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə Nazirinin müxtəlif tarixli əmri ilə “Azərbaycan Silahlı Qüvvələrinin 10, 90 və 95 illiyi” yubiley medalları, III, II, I dərəcəli “Qüsursuz xidmətə görə” medalları, “Hərbi Xidmətlərə görə” medalı və“Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif edilmişdir.
2020-ci ilin oktyabr ayında könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağınş üzrə Dövlət Xidmətinin Qubadlı Rayon Bölməsinə müraciət edərək Vətən müharibəsində iştirak etmişdir.
01 noyabr 2020-ci il tarixdə Qubadlı rayonu uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olmuş, Bakı şəhəri, II Fəxri Xiyabana dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikası Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamı ilə mayor Ağayev Vüqar Əhməd oğluna ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı" , 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Ailəli idi, iki övladı var.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!