Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Qəhrəmanı, Şəhid polkovnik-leytenant Qasımov Faiq Qaçay oğlunun doğum günü

10 fevral 2024 | 11:13

10.02.2024-cü il tarixdə Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı, Şəhid Qasımov Faiq Qaçay oğlunun 50 yaşının tamam olması münasibətilə Qubadlı rayon Qara İlyasov adına Şəhər 1 saylı tam orta məktəbdə tədbir keçirildi. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavinləri Allahverdi Haxverdiyev, Xoşqədəm Alıyeva, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, Sumqayıt şəhərinin axundu Hacı Rauf, Faiq Qasımov adına Mahmudlu kənd tam orta məktəbinin kollektivi, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, şəhidimizin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, Qayalı kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Əvvəlcə Dövlət himni səsləndirildi, Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olundu.

Vətən Müharibəsi Qəhrəmanı Şəhid Faiq Qasımovun xatirəsinə həsr olunmuş videoçarx nümayiş olundu.

Şair Elbrus Qayalı, Şərqi Zəngəzur Regional Mədəniyyət idarəsinin Qubadlı rayon nümayəndəliyi və Mahmudlu kənd tam orta məktəbinin kollektivi tərəfindən vətənpərvərlik mövzusunda və Şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirildi, muğam parçaları ifa olundu.

TədbirdəQubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev çıxış edərək qeyd etdi ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərmiş, düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək Qələbə qazandı və tarixi ədalət bərpa olundu.Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızı işğaldan azad etdi, Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi.

44 günlük Vətən müharibəsindən sonra Qubadlı RİH başçısı Malik İsaqovun köməkliyi ilə Qubadlı rayonunda Milli Qəhrəmanlar Əliyar Əliyev, Kərəm Mirzəyev, Vasili Əliyev, Aqil Məmmədov, Bəylər Ağayev və  Milli qəhrəman Əliyar Əliyevin sürücüsü Əlisadət Ağayevin və Həsən Qorxmazın qəbirüstü abidələri yenidən götürülüb. Eləcə də Aşağı Mollu kəndində Həcər xanımın qəbirüstü abidəsi bərpa olunub. Qəbirüstü abidələrin bərpası hələ də davam edir, yaxın gələcəkdə digər şəhidlərimiz üçün də nəzərdə tutulur. Vətən müharibəsi şəhidlərinin eləcə də I  Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün abidələr qoyulur, xatirə lövhələri, baralyeflər hazırlanır.

Bildirildi ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun igidliyi, qəhrəmanlığı sayəsində torpaqlarımız, həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. 44 günlük Vətən müharibəsində  qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.

Çıxış edən-Faiq Qasımovun komandiri Nurəli Ağayev, Şəhidin müəllimi Lalə Şahverənova, Sumqayıt şəhərinin axundu Hacı Rauf qeyd etdilər ki, bizim Qələbəmiz tarixi Qələbədir. Azərbaycan əsgəri qəhrəmanlıq nümunəsidir. Azərbaycan Ordusu döyüşlər zamanı öz dözüm və peşəkarlığını nümayiş etdirdi. Bütün bunlar cənab Prezident İlham Əliyevin uzaqgörən, məqsədyönlü siyasətinin nəticəsidir.

Sonda Şəhidin qardaşı Gəray Qasımov çıxış edərək göstərdikləri diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.

Daha sonra tədbirin davamı olaraq Bakı şəhərində yerləşən II Fəxri Xiyabanda Şəhidimizin məzarı ziyarət olundu, məzarı üzərinə gül dəstələri qoyuldu.Şəhidlərimizin ruhuna dualar oxundu.

Sonda Şəhidin adına ehsan süfrəsi verildi.

Qasımov Faiq Qaçay oğlu 10 fevral 1974-cü ildə Qubadlı rayonunun Qayalı kəndində anadan olub. 1991-ci ildə qardaşı Şəhid Həsən Qorxmazın adını daşıyan Qayalı kənd tam orta məktəbini bitirmişdir.

Hərbi xidmətini 1-ci Qarabağ müharibəsində Laçın rayonu və Qubadlı rayonunda Əliyar Əliyevin taborunda topçu kimi vuruşaraq keçirib.

Hərbi xidməti bitirdikdən sonra 1993-cü ildə Bakı Ali Birləşmiş Komandanlıq məktəbinə daxil olub. 1995-ci ildən 2009-cu ilədək Naxçıvanda cəbhə bölgəsində müxtəlif vəzifələrdə çalışmışdır. 2009-cu ildən 2012-ci ilədək Balakən rayonunda N saylı hərbi hissədə xidmət etmişdir. Sonradan öz təkidi ilə Füzuli istiqamətinə göndərilmişdir.

2016-cı ilin aprel ayında “Lələtəpə”uğrunda gedən döyüşlərdə fəal iştirak edən Qasımov Faiq Qaçay oğlu düşmənin çox sayda yüksək rütbəli hərbçilərini məhv etdiyinə görə, ölkə başçısı İlham Əliyev tərəfindən “Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə Nazirinin müxtəlif tarixli əmrləri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 10,90,95 və 100 illiyi” yubiley medalları və III, II, I dərəcəli “Qüsursuz xidmətə görə” medalları, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə təltif olunmuşdur. Faiq Qaçay oğlu Qasımov 2020-ci il sentyabrın 27-də “Ohanyan səddi”ni ilk yaran hərbçilərimizdən olub və rəhbərlik etdiyi qrupu ilə birgə Füzuli rayonu ərazisində düşmənin bir neçə post və səngərini dağıdaraq 300-ə yaxın düşmən əsgərini və zabitini məhv edərək, qəhrəmancasına şəhid olmuşdur. Vətən müharibəsində şəhid olan ilk rütbəli hərbiçidir. Bakı şəhər “2-ci Fəxri Xiyaban"da dəfn edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamı ilə polkovnik-leytenant Qasımov Faiq Qaçay oğluna ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş, 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə də o, “Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamları ilə “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Eyni zamanda Qubadlı rayon Mahmudlu kənd tam orta məktəbinə şəhid Qasımov Faiq Qaçay oğlunun adı verilmişdir. Faiq Qasımovun şəxsi əşyaları AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda qorunur və hal-hazırda “Anadır arzulara hər zaman Qarabağ” sərgisində nümayiş olunur. 2021-ci il fevralın 12-də İctimai TV-də Faiq Qasımova həsr olunan sənədli filmi təqdim olunmuşdur. 22 dəqiqədən ibarət olan sənədli filmdə onun həyatı və döyüş yolu barədə məlumat verilmişdir.

Ailəli idi, 2 övladı var.

Allah rəhmət eləsin!

 

Keçidlər