Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən və qələm aşiqi: Milli Qəhrəman Kazımağa Kərimovun doğum gününə həsr olunmuş tədbir keçirildi

01 sentyabr 2026 | 09:30

  Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 sentyabr 2026-cı il tarixdə, Bakı şəhəri "Şəhidlər Xiyabanı"nda Azərbaycanın Milli Qəhrəmanı, Şəhid jurnalist Kərimov Kazımağa Mönsüm oğlunun doğum günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, RİH-nin məsul işçiləri, RİHB-nin inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhidimizin ailə üzvləri, yaxınları, eləcə də qazilər, keçmiş hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Şəhidimizin ruhuna dualar oxunduqdan sonra iştirakçılar torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

  Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev bildirdi ki, Birinci Qarabağ müharibəsi zamanı Qubadlı rayonundan 238 nəfər şəhid olub, onlardan 8 nəfəri Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. 1993-cü ilin təkcə avqust ayında Qubadlıdan 115 nəfər şəhidlik zirvəsinə ucalıb; onlardan 22 nəfəri hərbçi, qalanları isə mülki şəxslər olub. Həmin gün — 1993-cü il avqustun 31-də uca dağları, şiş qayaları, sərin bulaqları, gözəl meşələri, gur çayları və münbit torpaqları olan Zəngəzur mahalının qədim yaşayış məskəni, yüzlərlə şəhid verən Qubadlı rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, üçrəngli bayrağımızı azad torpaqlarımızda dalğalandırmış əsgər və zabitlərimizin rəşadəti, xalqın birliyi və qətiyyətli mövqeyi "dəmir yumruq" ətrafında birləşərək işğalçıya sarsıdıcı zərbə vurub. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində otuz ilə yaxın həsrətində olduğumuz doğma torpaqlarımız, o cümlədən Qubadlı rayonu 2020-ci il oktyabrın 25-də işğaldan azad olunub. 44 günlük Vətən müharibəsində Qubadlı rayonundan 12 nəfər şəhidlik zirvəsinə ucalıb, 60-dan çox qazi isə adını tarixə yazdırıb. Şəhidlərimizin qisası alınıb, qanları yerdə qalmayıb.

Tədbirdə vurğulanıb ki, 44 günlük Vətən müharibəsindən sonra Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun dəstəyi ilə məzarları rayon və kəndlərində olan bütün şəhidlərimizin qəbirüstü abidələri yenidən bərpa olunub, o cümlədən Aşağı Mollu kəndində Həcər xanımın qəbirüstü abidəsi bərpa edilərək abidə kompleksi yaradılıb.

  Digər çıxış edənlər şəhid ailələrinin hər zaman dövlətin diqqət mərkəzində olduğunu qeyd etdilər. Son illər respublikamızda şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bunun bariz nümunəsidir.

  Sonda Milli Qəhrəmanın oğlu Rəşad Kazımov və tədbir iştirakçıları göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.

  Qeyd edək ki, Kazımağa Mönsüm oğlu Kərimov 1951-ci il sentyabr ayının 1-də Zəngəzur mahalı Qubadlı rayonunun Sarıyataq kəndində, ziyalı ailəsində dünyaya gəlib. Ailənin səkkiz övladından biri idi. Qara İlyasov adına Qubadlı şəhər orta məktəbini bitirdikdən sonra rayonun "Avanqard" qəzetinin mətbəəsində yığıcı kimi işləməyə başlayır. 1970-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olur. Orada beş il təhsil alır və fakültənin bir çox ictimai işlərində fəal iştirak edir. Kazımağa Kərimov təhsil illərində həm respublika, həm də rayon qəzetlərində maraqlı yazılarla çıxış edir. Universiteti bitirdikdən sonra o, təyinatla "Azərbaycan məktəbi" jurnalına göndərilir. Lakin həyatında baş verən müəyyən problemlər ona öz işinə davam etməyə mane olur. Bir müddət keçdikdən sonra Goranboy rayonunun Qızılhacılı kəndində yaşamağa başlayır. Daha sonra Rayon Aqrar-Sənaye Birliyində hüquq məsləhətçisi kimi işə qəbul olunur.

Onu tanıyanların, yaxınlarının sözlərinə görə, Kazımağa xaraktercə fərqli insan idi. İlk baxışdan zəhmli görünməsinə baxmayaraq daxilən çox səmimi, mehriban insan idi. XIX əsrin ikinci yarısında indiki Sankt-Peterburq şəhərində Ali Hərbi Məktəbi bitirmiş və 1918-1920-ci illərdə Ermənistan-Azərbaycan müharibəsi zamanı doğma torpaqlarının müdafiəsinə qalxmış Zəngəzur Mahalının tanınmış bəylərindən İsmayıl bəyin nəvəsidir.

1988-ci ildə Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayanda Kazımağa da döyüş meydanında düşmənə layiqli cavab vermək istəyən şəxslərdən idi. Ailəli olmasına, tutduğu peşəsi ilə məşğul olmasına baxmayaraq o da cəbhəyə yollanmaq qərarına gəlir. Həmin vaxtlarda ölkənin müxtəlif bölgələrində könüllü batalyonları qurulurdu. Onlardan biri də Goranboyda idi. Ermənilər həmin bölgəyə xüsusilə diqqət göstərirdilər. Onların məkrli planları içərisində həmin rayonu işğal edərək Azərbaycanın müxtəlif yerlərinə hücum etmək var idi. Kazımağa 1991-ci ildə Goranboy özünümüdafiə batalyonunun qurulmasında xüsusi fəallıq göstərir. Sonralar isə Goranboyda ikinci özünümüdafiə batalyonu yarananda batalyon komandirinin müavini təyin edilir. Beləcə, universitetdə təhsil aldığı illərdə hərbi texnikanın sirlərinə müəyyən qədər bələd olan baş leytenant Kazımağa Kərimovun döyüş yolu başlayır. Erkəc, Qaraçinar, Meşəli və bir sıra başqa kəndlərdə keçirilən əməliyyatlarda vuruşur. Axırıncı döyüşü isə Meşəli deyilən ərazidə olur.

Ermənilərə qarşı cəsarətli addımları ilə seçilən Kazımağa döyüş yoldaşları ilə birgə yeni bir əməliyyat planı hazırlayır. Plana əsasən könüllü dəstə düşmənin işğalı altında olan keçmiş Şaumyan kənd rayonunu azad etməli idi. Qrup əməliyyata yaxşı şəkildə hazırlaşır. Amma təbii ki, dövrün çətinlikləri, daxildə baş verən çaxnaşmalar, silah-sursatların insanlardan yığılması, ordu üzvlərinin döyüşdən naməlum səbəblərlə çıxarılması və sair itkilərə səbəb olurdu. 1992-ci ilin 12-13 iyun tarixlərində Şaumyan kənd rayonunun azad olunması uğrunda əməliyyat başlayır. Dəstə üzvləri düşmənə qarşı hücuma keçirlər. Çox sayda erməni qulduru məhv edilir. Ancaq həmin döyüşdə komandir Kazımağa Kərimov ağır yaralanır. Bunu görən döyüş yoldaşları onun xilas edilməsi üçün hərəkətə keçirlər. Ancaq Kazımağa döyüşü saxlamır, hücum əmri verir. Keçmiş Şaumyan kənd rayonu azad olunur. Aldığı yaranın ağır olmasına baxmayaraq əməliyyatın sonunadək iştirak edən Kazımağa hərbi əməliyyat bitdikdən sonra Bakı şəhərində yerləşən Hərbi Hospitala çatdırılır. Ayağından yaralanmışdı. Çox qan itirdiyinə görə, onu xilas etmək mümkün olmur. Kazımağa 15 iyun 1992-ci ildə, 41 yaşında şəhid olur. Ailəli idi, bir oğlu yadigar qalır.

Kazımağa Kərimova ölümündən bir həftə sonra Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli, 6 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilir. Milli Qəhrəman adına layiq görülən ilk jurnalistdir. Bakı şəhərində adına küçə var. Eyni zamanda doğulub boya-başa çatdığı doğma Qubadlının Balasoltanlı kənd tam orta məktəbi və döyüş yolunun keçdiyi Goranboy rayonunun Qızılhacılı kənd mədəniyyət evi onun adını daşıyır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər