Şriftin ölçüsü :

Saytın rəngi :

Xalq Qəhrəmanı Qaçaq Nəbinin nəticəsi Mehmet Elturanla görüş

25 iyul 2023 | 11:24

2023-cü il 25 iyul tarixində Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasında Xalq Qəhrəmanı Qaçaq Nəbinin nəticəsi Mehmet Elturanla görüş keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH-in məsul işçiləri, ziyalılar, ağsaqqallar, Aşağı Mollu və Yuxarı Mollu kəndlərinin sakinləri, qohumları iştirak edirdilər.

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov qonaqları salamladıqdan sonra ətraflı çıxış edərək qeyd etdi ki,Azərbaycanın xalq qəhrəmanı Qaçaq Nəbi 1854-cü ildə Gəncə quberniyasının Zəngəzur qəzasının Aşağı Mollu kəndində (indiki Qubadlı rayonunda) anadan olub.

Nəbinin qaçaqçılıq həyatı 1875-ci ildən başlayır. Kəndlilərdən ibarət dəstə düzəldib Naxçıvan və Zəngəzur qəzalarında çar rejiminə və zülmkar bəylərə qarşı mübarizəyə başlayır.

Nəbinin qaçaqçılıq fəaliyyətinə başlaması sosial ədalətsizliyə qarşı barışmaz münasibətindən irəli gəlsə də, dəfələrlə həbs olunması rejimə nifrəti daha da artırırdı. Nəbi dəstəsi ilə birgə kəndliləri zalımlardan müdafiə edir və mülkədarların var-dövlətini əllərindən alaraq onlara paylayırdı.

        Qaçaq Nəbinin həyat yoldaşı öz igidliyi və cəsarəti ilə ad çıxarmış Həcər onun ən yaxın silahdaşı idi.  Həcər xanım da onunla birgə çiyin-çiyinə, əlində silah at belində zülmkarlara qarşı mübarizə aparırdı.

Çar hökuməti qaçaq Nəbini və onun dəstəsini məhv etmək üçün 20 il çalışsa da, məqsədinə nail ola bilmir. Çünki xalq onu qoruyurdu, gizlədirdi və hətta gizli yollarla onun dəstəsini ərzaqla təmin edirdi. Sonda Nəbi bir xəyanətin qurbanı olur. 1896-cı ilin mart ayında Kərbəladan dönərkən Türkiyə ilə İran sərhədi arasındakı Larni kəndində rus casusları tərəfindən hazırlanmış pusquya düşərək öldürülür.

       Qaçaq Nəbinin xatirəsi indi də Azərbaycan xalqının qəlbində yaşayır. Nəbinin qəhrəmanlığından bəhs edən dastanlar, mahnılar və şeirlər qoşulmuşdur. Bu əfsanəvi xalq qəhrəmanı haqqında şair, dramaturq Süleyman Rüstəm “Qaçaq Nəbi” pyesini yazıb və Nəbinin igidliyindən bəhs edən “Atları yəhərləyin” adlı bədii film çəkilib.

Həmçinin Xalq qəhrəmanı Qaçaq Nəbi haqqında Əhliman Axundov, Bəhlul Behcət, Süleyman Rəhimov, Cəlal Bərgüşad bir çox kitablar yazmışlar.

Qeyd olundu ki,  Qubadlı rayonunda Qaçaq Nəbinin və Həcər xanımın büstü qoyulmuşdur. Adın daşıyan küçə var. Bakı şəhərində də Qaçaq Nəbinin adını daşıyan küçə var.

 Həcər xanım 1919-cü ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində vəfat etmişdir. Onun qəbri Aşağı Mollu kəndində idi. Xalq öz qəhrəman qızının igidliyini vəsf edən mahnılar qoşmuş “Qaçaq Nəbi” dastanında ona xüsusi yer ayrılmışdır.

İşğaldan əvvəl Qubadlı rayonunda Qaçaq Həcərin abidəsi qoyulmuşdur. Rayon işğaldan azad olunduqdan sonra Rayon İcra Hakimiyyəti tərəfindənAşağı Mollu kənd qəbristanlığında qəbri dağıdılmış Həcər xanımın qəbrüstü abidəsi yenidən bərpa olunmuşdur.

Mehmət Elturan özü və ailəsi haqqında danışaraq qeyd etdi ki, O 1951-ci ildə Türkiyənin Qars vilayətinin Sarıqamış bölgəsində doğulmuş və orada böyümüşdür. 1975-ci ildə Avstraliyaya köçmüş, hazırda Melbrun şəhərində yaşayır. Müxtəlif vəzifələrdə çalışmışdır, hazırda təqaüddədir. Mehmet Elturan öz açıqlamasında bildirdi ki, Qaçaq Nəbi və Həcər xanımın üç övladı olub, Əhməd Xəlil və Zeynəb. Mehmet Elturan qeyd etdi ki, O Qaçaq Nəbi və Həcər xanımın oğlu Əhmədin oğlu Mehralının oğludur.

 Qaçaq Nəbinin və Həcər xanımın kötücəsi, Qaçaq Nəbi və Həcər xanımın qızı Zeynəbin oğlu şəhid Əliş Məhərrəmovun nəvəsiictimai fəal Həcər Əkbərova qohumluq əlaqələri haqqında geniş və ətraflı çıxış etdi.

Daha sonra Qaçaq Nəbi haqqında Yazıçı Firdovsi Cəfərxan, əməkdar müəllim Ədalət Əsədov, ağsaqqal Mollu kənd sakini Vahid Ağayev, ziyalı Razim Əliyev və Yuxarı Mollu kənd tam orta məktəbinin direktoru Allahverən Allahverənov və digərləri bu görüşə görə minnətdarlığını bildirərək təkliflərlə çıxış etdilər.

Yekunda Kənd sakinləri təklif etdilər ki, Mollu kəndində Qaçaq Nəbinin və Həcər xanımın ev muzeyi yaradılsın.

      Sonda Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Qaçaq Nəbi və Həcərin nəticəsi Avstraliyanın Melburun şəhərində yaşayan Mehmet Elturana hədiyyə təqdim etdi.

Keçidlər