“Yaşıl dünya naminə həmrəylik ili”
Prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq Qubadlı rayonunda keçirilən tədbirlər davam edir. Belə ki, 30 may 2024-cü il tarixində Qubadlı Rayon İcra Hakimiyyətinin, Şərqi Zəngəzur Regional Gənclər və İdman idarəsinin, Şərqi Zəngəzur Regional Təhsil idarəsinin və Şərqi Zəngəzur Regional Mədəniyyət idarəsinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhəri, 28 may Mədəniyyət evinin qarşısında “Ekologiya və Biz” mövzusunda tədbir keçirildi.
Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva, Şərqi Zəngəzur Regional Gənclər və İdman idarəsinin rəis müavini Mübariz Bəşirov və rayon sektorunun əməkdaşları, Şərqi Zəngəzur Regional Mədəniyyət idarəsinin rəis müavini İlham Əhmədov və rayon nümayəndəliyinin işçiləri, RİH-in məsul işçiləri, Şərqi Zəngəzur Regional Təhsil idarəsinin rayon təhsil sektorunun əməkdaşları, Uşaq Səfirlər Məclisinin region nümayəndələri, Yaşıl könüllülər, məktəb kollektivləri və şagirdlər iştirak edirdilər.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad edildi, Dövlət Himni səsləndirildi.
Tədbiri Bəhmən Mehdiyev adına Qubadlı şəhər 2 saylı tam orta məktəbin şagirdi, Uşaq Səfirlər Məclisinin region nümayəndəsi Aysu Cuvarlı açıq elan etdi. Qeyd olundu ki, dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirləri, bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Bu Sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir. Eyni zamanda ölkəmizdə 2024-cü il ərzində bu sahədə fəaliyyətimizi genişləndirəcəyimizə və ətraf mühitin qorunması istiqamətində görüləcək işlərin xeyli dərəcədə intensivləşəcəyinə bir çağırışdır.
Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva çıxış edərək qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, görülən işlər ekologiya və ətraf mühitin mühafizəsi sahəsində yeni uğurların əldə olunmasına təkan vermişdir. Heydər Əliyev Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən “Hərəmiz bir ağac əkək” layihəsi də bu sahəyə böyük töhfələr verib.
Ölkəmizdə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə uşaqların da öz töhfələrini vermələri üçün Ailə, Qadın Və Uşaq Problemləri üzrə Dövlət komitəsi tərəfindən “Yalnız bir dünya” layihəsi işlənib hazırlanmasından, layihənin həyata keçirilməsində əsas məqsəd Uşaq Səfirlər Məclisinin region nümayəndələrinin iştirakı ilə uşaqların inkişaf hüquqlarını əsas götürmək, regionlarda yaşayan uşaqların fəallığının daha da artırılması, onların dünyamızı qoruması və bu istiqamətdə yaradıcı ideyalarının ortaya çıxarılmasından danışıldı.
2024-cü ildə COP 29 tədbirinə Azərbaycanın ev sahibliyi təsdiq edilib. Cari ilin noyabrında ölkəmizdə keçiriləcək COP 29 beynəlxalq konfransında Azərbaycan iqlim dəyişikliklərinə verdiyi töhfələrini əyani şəkildə dünya ictimaiyyətinə çatdıracaq və bütün dünyanı bu qlobal çağırışa həmrəylik göstərilməsindəbirləşdirəcəkdir.
Tədbirdə ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar təşkil edilən sərgidə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi ilə bağlı əl işləri nümayiş edildi.
Sərgidə həm çirklənmiş torpaqların təmizlənməsi və yaşıllaşdırılması, quru ərazilərdə torpaqların münbitləşdirilərəkyaşıllaşdırılması, canlı aləmin mühafizəsi, iqlim dəyişikliklərinin zərərli təsirlərinin azaldılmasından və ətraf mühitin tullantılardan təmizlənməsindən bəhs edildi.
Tədbir Uşaqların əl işlərindən ibarət sərgi nümayiş olunduqdan sonra Şərqi Zəngəzur Regional Mədəniyyət idarəsinin rayon nümayəndəliyinin təşkil etdiyi konsert proqramı ilə davam etdirildi. Sonda fərqlənən iştirakçılara mükafatlar təqdim olundu.