Yunan-Roma güləşi üzrə Əməkdar məşqiçi, SSRİ və Azərbaycan çempionu Bahadur Aslan oğlu Həziyevin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirildi
Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə, 1 may 2026-cı il tarixdə, Sumqayıt şəhər 28 May Mədəniyyət evində, Qubadlı rayonunun Qəzyan kənd sakini, Yunan-Roma güləşi üzrə Əməkdar məşqiçi, SSRİ və Azərbaycan çempionu, "Zəngəzur Pələngi" ləqəbli Bahadur Aslan oğlu Həziyevin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirildi.
Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi, Hüquq-mühafizə orqanları, RİH-in məsul işçiləri, Şərqi Zəngəzur Regional İdman idarəsinin rəhbərliyi, RİHB-nın İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri, İdarə, müəssisə və təşkilat rəhbərləri, Bahadur Həziyevin yetirmələri, tanınmış Pəhləvanlar, idmançılar, Şəhid ailələri, Müharibə veteranları, Qazilər, Bahadur pəhləvanın ailə üzvləri, yaxınları və İctimaiyyət nümayəndələri, tanınmış musiqiçilər iştirak edirdilər.
Tədbir iştirakçıları ilk öncə mərhum Pəhləvan Həziyev Bahadur Aslan oğlunun və Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Azərbaycan Dövlət Himni səsləndirildi.
Bahadur Pəhləvanın həyatından bəhs edən Videoçarx nümayiş olundu.
Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Cənab Malik İsaqov çıxış edərək qeyd etdi ki, Yunan-Roma güləşi üzrə Əməkdar məşqçi, SSRİ və Azərbaycan çempionu, “Zəngəzur Pələngi” ləqəbli Bahadur Aslan oğlu Həziyev Azərbaycan idman tarixində silinməz iz qoymuş görkəmli şəxsiyyətlərdən biridir. O, həyatını idmanın inkişafına, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam ruhda yetişməsinə həsr etmiş, yüzlərlə idmançının formalaşmasında müstəsna rol oynamışdır.
Bu gün ölkəmizdə idmanın inkişafı, idmançılara göstərilən diqqət və qayğı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Respublikamızda müasir idman infrastrukturunun yaradılması, beynəlxalq yarışların keçirilməsi və idmançılarımızın dünya arenalarında qazandıqları uğurlar məhz bu diqqət və qayğının bariz nümunəsidir.
Bildirildi ki, Bahadur Həziyev yalnız güclü idmançı deyil, eyni zamanda yüksək peşəkarlığı, tələbkarlığı və qayğıkeşliyi ilə seçilən böyük məşqçi olmuşdur. Onun yetişdirdiyi idmançılar müxtəlif yarışlarda əldə etdikləri uğurlarla həm onun, həm də Azərbaycanın adını daim ucaldıblar.
Vurğulandı ki, Qubadlı torpağı hər zaman qəhrəman oğulları ilə tanınıb və Bahadur Həziyev də bu torpağın yetirdiyi ən layiqli simalardan biri kimi xalqın yaddaşında əbədi yaşayacaqdır. Onun zəngin irsi bu gün də yaşayır və gələcək nəsillər üçün örnəkdir. Həmçinin qeyd olundu ki, belə görkəmli şəxsiyyətlərin yubileylərinin qeyd olunması onların həyat və fəaliyyətinin daha geniş şəkildə təbliğinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə mühüm töhfə verir.
Sonda şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilərək bildirildi ki, onların qəhrəmanlığı sayəsində bu gün Azərbaycan qalib və qüdrətli dövlət kimi inkişaf edir.
Rayon rəhbəri tərəfindən Bahadur Həziyev məktəbinin yetirməsi, Yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu İslam Abbasovu Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanması münasibətilə təbrik edərək ona fəxri fərman və qiymətli hədiyyə təqdim etdi.
Bahadur Həziyevin 100 illik yubileyinə həsr olunmuş müxtəlif yarışlarda qalib olmuş idmançılarda mükafatlandırıldı.
Tədbirdə digər çıxış edənlər Bahadur Aslan oğlu Həziyevin zəngin həyat və fəaliyyətindən, Azərbaycan idmanının inkişafına verdiyi töhfələrdən bəhs etdilər. Qeyd olundu ki, o, yüksək peşəkarlığı, tələbkarlığı və vətənpərvərliyi ilə seçilən məşqçi kimi yadda qalmış, yetişdirdiyi idmançılar bu gün də onun məktəbini layiqincə davam etdirirlər. Çıxışlarda belə görkəmli şəxsiyyətlərin irsinin yaşadılmasının və gənc nəslə örnək kimi təqdim olunmasının əhəmiyyəti xüsusi vurğulandı.
Sonda Pəhləvanın ailə üzvləri çıxış edərək, göstərilən diqqət və ehtirama görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova öz dərin minnətdarlıqlarını bildirdilər.
Tədbir musiqi parçaları ilə davam etdirildi.
Qeyd edək ki, Bahadur Aslan oğlu Həziyev 01 may 1926-cı ildə Zəngəzur mahalı Qubadlı rayonunun Qəzyan kəndində anadan olub. Hələ uşaqlıqdan fiziki cəhətdən tay-tuşundan fərqlənən Bahadur Həziyev 1946 - 1949-cu illərdə hərbi xidməti başa vurub idman ustası kimi respublika yığma komandasına cəlb olunmuşdur.
O, 1949-cu ildən Qubadlı rayonunda idmanın inkişafı, bu sahəyə yeni qüvvələrin gəlməsi üçün böyük əmək sərf edir. Əməkdar məşqçi Bahadır Həziyev Qəzyanda yerləşən evinin birinci mərtəbəsində güləş və atletika zalı yaradır və gənclərin bu işə cəlb olunmasına başlamışdır.
Bahadur Həziyev Yunan-roma güləşi ilə məşğul olub. O, Əməkdar məşqiçi, Yunan-roma güləşi və sərbəst, milli güləş növləri və ağır atletkadan idman ustası, SSRİ çempionu, dəfələrlə Azərbaycan çempionu olmuşdur. Bundan başqa xalq arasında çıxışları ilə xalq pəhləvanı adına layiq görülüb.
Bahadur müəllim 1952-ci ildən başlayaraq idman sahəsində bir sıra məsul vəzifələri yerinə yetirərək Qubadlı rayon idman komitəsinin, Ovçuluq cəmiyyətinin, DOSAAF-ın, Məhsul Könüllu İdman cəmiyyətinin sədri vəzifələrində çalışmışdır.
Yunan-Roma güləşi üzrə dəfələrlə respublika, ümumittifaq və beynəlxalq yarışların qalibi olmuş pəhləvan, Azəbaycanın Milli Qəhrəmanı, Şəhid mayor Əliyev Əliyar Yusif oğlu, Əməkdar idman ustası, dünya çempionu, Afina olimpiadasının gümüş mükafatçısı Məmmədəliyev Heydər Nurəddin oğlu, Avropa çempionu, hərbçilər sırasında dünya çempionu Məmmədov Elsevər Yusif oğlu, yenə də Avropa çempionu, beynəlxalq dərəcəli idman ustası Məmmədov Məhəmməd Dilən oğlu və bir çoxları Bahadur Həziyevin yaratdığı Yunan-Roma güləş məktəbinin yetirmələridir.
Bahadur Həziyev 1983-cü ildə vəfat etmişdir.
Allah rəhmət eləsin!






