Aztəminatlı ailələrə olunan yardımlar davam etdirilir
Ramazan ayı ən ülvi hissləri və nəcib niyyətləri özündə təcəssüm etdirən, yardımsevərlik və paylaşmaq kimi yüksək əxlaqi dəyərlər aşılayır. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu bu mübarək ayda hər bir müsəlman Allah qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanaraq xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının sevincini yaşayır.
Müsəlman dünyasının tarixi-mədəni mərkəzlərindən olan Azərbaycan yüzillərdi ki, ayrı-ayrı din və etiqad mənsublarının əmin-amanlıq şəraitində yaşadığı, dinlərarası həmrəyliyin və əməkdaşlığın mövcudolduğu nadir məkanlardandır. Etnik-mədəni müxtəlifliyi ilə seçilən cəmiyyətimizdə qarşılıqlı hörmət və etimada əsaslanan dözümlülük mühitinin, demokratik birgəyaşayışın, vəhdət və harmoniyanın bərqərar olmasında bəşəriyyəti daim sülhə, humanizmə, qardaşlıq və bərabərliyə dəvət edən İslam dini müstəsna rol oynamışdır.
Hər zaman Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş vətən övladlarının ölməz xatirəsi ehtiramla yad olunur. Qədirbilən xalqımız onların müqəddəs adını həmişə uca tutur, şəhid ailələrinə, qazilərimizə diqqət və qayğını heç vaxt əsirgəmir.
Ramazan bayramı münasibətilə hər birinizi təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayırıq!
Allah tutduğunuz orucu, dua və niyyətlərinizi qəbul etsin!
Ramazan bayramınız mübarək olsun!