Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 30-cu ildönümü

18 yanvar 2020 | 16:00

20 Yanvar faciəsinin 30-cu ildönümü


Qubadlı rayonunda “20 Yanvar faciəsi”nin 30-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirildi. Ümumtəhsil məktəblərinin kollektivləri, idarə, müəssisə və təşkilatlar Bakı şəhərində yerləşən Şəhidlər Xiyabanına ziyarət etdilər, müstəqilliyimizin əldə olunması uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhları ehtiramla yad edildi.
Bu tədbirlərin yekunu olaraq 18 yanvar 2020-ci il tarixdə Qubadlı rayon İcra Hakimiyyətində “20 Yanvar faciəsi”nin 30-cu ildönümünü münasibətilə Şəhidlərin xatirəsi yad edildi. Tədbirdə RİH-nin başçısı Malik İsaqov, RİH-nin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Əvvəlcə  “20 Yanvar Şəhidləri”-nin  ruhları bir dəqiqəlik sükutla yad edildi.                                                     
Daha sonra Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov çıxış edərək qeyd etdi ki, Azərbaycanın milli-azadlıq hərəkatında xüsusi yeri və rolu olan, Azərbaycan tarixində qan yaddaşı kimi yazılmış 20 Yanvar hadisələri, eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. 20 Yanvar hadisəsi zamanı 150 insan şəhid olmuş, 744  adam  ağır  xəsarət almış, onlardan 331 nəfəri bu gün də əlil olaraq qalır. Həmin hadisədə Azərbaycanda 870 nəfər həbs olunmuş, müxtəlif işgəncələrə məruz qalmışlar. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət xalq kütlələrini daha da birləşdirdi, onların mübarizliyini daha da artırdı.
Natiq 20 Yanvar hadisələrinə ilk siyasi qiymətin məhz Ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini vurğulayaraq qeyd etdi ki, bu gün 20 Yanvar hadisələrinin milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq, 1990-cı ilin yanvarın 19-dan 20-ə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu. Hal-hazırda əsası Ulu  Öndər tərəfindən qoyulan və bu siyasətin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli fəaliyyətinin nəticəsində dünya ölkələri içərisində ölkəmiz inkişafına, nüfuzuna görə xüsusilə seçilir.
Sonda qeyd olundu ki, 20 Yanvar-bizim qan yaddaşımız, müstəqillik mübarizəmizin qanlı və qalib çıxdığımız savaşıdır. Bizim Vətən qarşısında, şəhidlər qarşısında müqəddəs borcumuz onları hər il, dönə-dönə xatırlamaq, qanları ilə yazdıqları azadlıq salnaməsini bizdən sonra gələn nəsillərə tam, olduğu kimi ötürməkdir. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.

Keçidlər