Şriftin ölçüsü :

Saytın rəngi :

Coğrafi mövqeyi

Coğrafi mövqeyi
Qubadlı rayonu Azərbaycan Respublikasının cənub qərbində yerləşir. Səthi əsasən dağlıqdır. Rayonun ərazisi Qarabağ silsiləsinin cənub-qərb (Topağac dağı-2010 metr), Bərgüşad silsiləsinin şərq (Hərtiz dağı – 1277 metr) və Qarabağ yaylasının cənub-şərq (Qurbantəpə dağı-1075 metr) hissəsinə daxildir.
Qarabağ yaylasının cənub –şərq qurtaracağı olan Yazı düzü (Bərgüşad və Həkəri çaylarının arasında yerləşir) ərazidə 450 metrədək alçalır. Bu ərazidə Qarabağ silsiləsi maili və dalğalı İncə düzünə keçir.
Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, Şimaldan Laçın rayonu, Hadrut rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir.
Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Dağlıq və dağətəyi, meşələrlə əhatə olunmuş ərazilərdə də kəndlər vardır.
Rayonun ərazisində Yura-Antropogen çöküntüləri yayılmışdır.

Təbiəti
Rayonda əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri bol məhsullu torpaqlardır. Ümumilikdə rayonda 79812 hektar torpaq fondu vardır. Bundan 14956 hektarı əkin, 850 hektarı çoxillik bitki, 631 hektarı biçənək, 17192 hektarı örüş-otlaq, 543 hektarı həyətyanı, 13160 hektarı meşə, 582 hektarı bağ və üzümlüklər idi.

İqlimi
Qubadlı rayonunun iqlimi əsasən mülayim isti və quru subtropikdir. Orta temperatur yanvar ayında düzən yerlərdə 10 S-dən dağlıq yerlərdə mənfi 4 dərəcə selsiyə qədər, iyul ayında isə müvafiq olaraq 260 selsi və 140 selsi-dir. İllik yağıntının miqdarı 400-600 mm-dir.

Çayları
Rayonun ərazisindən Bərgüşad, Həkəri və onların qolları (Ağa çayı, Kiçik Həkəri, Meydandərəsi və s.) axır. Bu çayların suyundan əsasən suvarma məqsədləri ilə istifadə olunurdu.
Bərgüşad çayı. Bərgüşad çayının (bəzi mənbələrdə Bazarçay da deyirlər) uzunluğu 178 kilometrdir. Çay əsasən öz mənbəyini Zəngəzur dağlarından, Qarabağ yaylasındakı 3040 metr hündürlükdəki Zalxa gölündən, Ərikli dağlarından başlanır. O, Urud kəndinə qədər Bazarçay adlanır. Çayın 93 kilometri Ermənistan ərazisindədir. Dəli çay, Şəki çayı, Sisyançay, Taxtakörpü çayı, Daşlı dərə çayı, Qubadlı rayonu ərazisində isə Bəxtiyarlı çayı, Ağa çayı, Dovudlu adlı qolları var. Bərgüşad çayı Qubadlı rayonunun Qaralar kəndi yaxınlığında Həkəri çayı ilə birləşib Araza tökülür. Hövzəsinin sahəsi 2711 kvadrat km-dir. Həkəri çayına qovuşandan sonra nisbətən düzənlik sahə ilə axaraq bir sıra qollara ayrılır. İllik axımını yeraltı (55%), qar (35% ) və yağış suları (10%) təşkil edir. Yaz-yay aylarında qar suları çayda daşqın əmələ gətirir.
Orta illik su sərfi 19,0 kub m/san-dir. Bunun 45%-i yazda, 25%-i yayda, 18%-i payızda, 12%-i isə qışda keçir.
Suvarmada istifadə edilir.
Əsasən yeraltı, qar və qismən də yağış sularından qidalanır. Bərgüşad çayının su toplayıcı sahəsi 5600 kvadratkilometrdir. Çayda kütüm, xatınbiləyi, şühüd, farel, və başqa balıq növləri olurdu.
Həkəri çayı. Uzunluğu 113 km, hövzəsinin sahəsi 2570 km2 -dir. Kiçik Qafqazın Azərbaycan daxilində Tərtərçaydan sonra (Bazarçayla birlikdə) ikinci böyük çayıdır. Başlanğıcını Mıxtökən silsiləsinin cənub yamacından, Şiştəpə zirvəsindən 3,5 km şərqdə 2580 m yüksəklikdən alır. Şəlvəçay və Hocazsuçay çaylarının qovuşmasından (950 m) əmələ gəlir, Qubadlı rayonunun Qaralar kəndi yaxınlığında (Hindverd burnu) Bərgüşad çayı ilə birləşir. Başlıca qolları, sağdan Hocazsuçay (uzunluğu 43 km), Zabuxçay (uzunluğu 51 km), Ağsuçay (uzunluğu 25 km), soldan Şəlvəçay (uzunluğu 42 km), Piçənisçay (uzunluğu 29 km), Xoznavar (uzunluğu 14 km) çaylarıdır. Qubadlı rayonu ərazisində isə ən böyük qolu Kiçik Həkəri çayıdır. Axımı qar (23%), yağış (1-5%) və yeraltı (62%) sulardan əmələ gəlir. Yaz-yay aylarında qar suları çayda daşqın əmələ gətirir. Daşqın dövründə (aprel-iyun aylarında) illik axımının 60-70%-i keçir. Çayda ən az su sərfi qış aylarında müşahidə edilir.
İntensiv suvarma dövründə (iyul-avqust aylarında) illik axımının 14-16%-i axıdılır. Suyu hidrokarbonatlı-kalsiumlu olmaqla orta minerallaşması 200 mq/l-dir.
Həkəri çayı Bərgüşad çayı ilə birləşdikdən sonra, Araza tökülür.
Məşhur Sarı aşığın qəbri Həkəri çayının sağ sahilində, onun sevgilisi Yaxşının qəbri isə sol sahilindədir .
IX-XII əsrlərə aid ərəb mənbələrində Arran-çay adlanır və Araza töküldüyü göstərilir. Əkərə də adlanır.
Həkərinin suyundan suvarma işlərində və energetikada geniş istifadə edilir. Həkəri çayının bol sularında şühüd, farel, iri qızıl balıq olur.
Son dövrlərdə çayın üzərində qurulmuş su nasos stansiyaları vasitəsilə Gəyən düzünə vurulan suyun vasitəsilə minlərlə hektar əkin sahəsi suvarılırdı.

Bulaqlar
Qubadlı rayonunda mineral maddələrlə zəngin olan 600-dən çox bulaq var. Onlardan Məmər kəndindəki “Şirin bulaq”, “İmamzadə”, Göyyal kəndindəki “Turşsu”, digər ərazilərdə “Sobu”, “Kəklik”, “Söyüdlü Əli”, “Çimli”, “Çayzəmi” və başqalarını qeyd etmək olar.

Faydalı qazıntı ehtiyatları
Qubadlı rayonunda Hacılı kəndində mişar daşı yatağı var. 1965-ci ildən burada mişar daşı sexi fəaliyyət göstərirdi. Həmin daşdan tikinti, abadlıq işlərində geniş istifadə edilirdi. Yataqda 6118 min kubmetr daş ehtiyatı qalırdı.
Bundan əlavə rayonda aşağıdakı ehtiyatlar da var idi:
1. Əliquluuşağı kəndinin 500 metr cənub şərqində mərmərləşmiş əhəng daşı yatağı. Faydalı üzlük daşdır.
Bu kəndin cənubunda, Bərgüşad çayının sol sahilində yəşəm yatağı.
2. Qundanlı kəndi yaxınlığında Laləzar mərmərləşmiş əhəng daşı yatağı.
3. Muradxanlı kəndi yaxınlığında mərmərləşmiş əhəng daşı yatağı.
4. Başarat kəndi yaxınlığında mərmərləşmiş əhəng daşı yatağı.
5. Mollabürhan kəndinin cənubunda tuf daş yatağı.
6. Xanlıq kəndində qum-gil yatağı.
7. Eyvazlı kəndində əqiq yatağı və s.

Flora
Qubadlıda 13160 hektar meşə sahəsi var. Bundan 7288 ha örtülü meşə, 11 ha mədəni meşə əkini, 91 ha çətirli birləşməmiş meşə, 1400 ha seyrək meşə, 43 ha qobu-xəndək meşə sahələridir. Meşələrdə qırmızı palıd, vələs, fısdıq, şam, ağcaqayın, göyrüş, akasiya, bir çox meyvə ağacları vardı.
Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. Burada biyan, kəklikotu, qantəpər, yemişan, baldırğan, qatırquyruğu, bağayarpağı, yarpız, itburnu, qarağat, böyürtkən, moruq və s. bitkilər var.
Qubadlı rayonu ərazisində xüsusi mühafizə olunan 10 ədəd təbiət abidəsi vardır:
1. Rayon İcra Hakimiyyətinin binasının yanında diametri 150 sm, hündürlüyü 20 metr, yaşı 300 il olan 2 ədəd Şərq çinarı.
2. Qubadlı şəhər İcra nümayəndəliyinin binasının yanında diametri 150 sm, hündürlüyü 20 metr, yaşı 300 il olan 1 ədəd Şərq çinarı.
3. Qubadlı şəhər İcra nümayəndəliyinin binasının həyətində diametri 80 sm, hündürlüyü 21 metr, yaşı 300 il olan 2 ədəd Şərq çinarı.
4. Xanlıq kəndində “Top çinar” adlanan sahədə diametri 180 sm, hündürlüyü 40 metr, yaşı 1600 il olan 3 ədəd Şərq çinarı.
5. Kürd Mahruzlu və Muğanlı kəndləri arasında diametri 150 sm, hündürlüyü 40 metr, yaşı 300 il olan 1 ədəd Şərq çinarı.
6. Gödəklər kəndinə diametri 80 sm, hündürlüyü 8 metr, yaşı 150 il olan 1 ədəd Saqqız ağacı.

Qubadlının faunası
Qubadlı rayonunun zəngin faunası var. Buradakı meşə sahələrində çöldonuzu, qonur ayı, canavar, vaşaq, cüyür və s., yamac və düzənliklərdə boz dovşan, porsuq, tülkü, çaqqal, süleysin, oxlu kirpi, qumsiçanı və s. yaşayır.
Quşlardan boz kəklik, turac, qırqovul, göyərçin, bildirçin, sərçə, bülbül, qartal, qırğı, sürünənlərdən gürzə ilanı, kərtənkələ, koramal, boz ilan çoxluq təşkil edir.

Qubadlı yasaqlığı
Kiçik Qafqazın cənub şərqində sahəsi 20 min hektar olan Qubadlı Dövlət Təbiət yasaqlığı 1969-cu ildə yaradılmışdır. Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən, zəngin flora və faunaya malik bu yasaqlıqda nəsli kəsilməkdə olan bir çox heyvan və quş növləri: cüyür, çöldonuzu, qırqovul və s. mühafizə olunurdu.


 

Keçidlər